Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilib.
2-3 may tarixlərində paytaxtımızda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və İqtisadi Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu” baş tutub. Forumda təşkilata üzv dövlətlərdən Qazaxıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Türkiyə, İran və Pakistandan olan turizm sənayesi nümayəndələri, həmçinin Azərbaycan nümayəndələri iştirak ediblər.
Mayın 2-də “Park Inn” hotelində forumun ilk günündə “İƏT Regionunda Turizm: İmkanlar və Problemlər” adlı açılış paneli ilə yanaşı, “Yaxın Şərq və Qərbi Asiyadan keçən İpək Yolları: Əsas təşkilati detallarla tarixi İpək Yolu nəqliyyat marşrutunun yenidən qurulması”, “Turizm Agentlikləri Assosiasiyasının dəstəyi ilə İƏT ölkələrindən Azərbaycanın destinasiya məntəqələrinə mütəmadi tanışlıq səfərlərinin təşkili” və “Birgə İƏT Tur Paketlərinin hazırlanması və həyata keçirilməsi” mövzuları üzrə panel müzakirələri aparılıb.
Mayın 3-də isə “Radisson Hotel Baku”da forumun B2B formatlı qarşılıqlı əməkdaşlıq görüşləri keçirilib. Bu görüşlər beynəlxalq əməkdaşlığın inkişafına və turizm bazarı iştirakçıları arasında yeni işgüzar əlaqələrin qurulmasına yönəlib.
ERATUR Turizm Agentliyinin nümayəndələri də bu görüşlərdə aktiv iştirak edərək bir sıra məhsuldar danışıqlar aparıb və xarici tərəfdaşlarla gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Bu cür beynəlxalq forumlar Azərbaycan turizminin inkişafında mühüm rol oynayır, beynəlxalq əlaqələrin gücləndirilməsinə töhfə verir və ölkəmizin turizm şirkətləri üçün yeni imkanlar yaradır.