Qazaxıstan Respublikasının Azərbaycandakı Səfirliyində Qazaxıstan-Azərbaycan turizm forumu keçirilib. Forum iki ölkə arasında turizm əməkdaşlığının genişləndirilməsi və turizm axınının artırılması məqsədi daşıyıb.
Tədbirdə Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel, turizm qurumlarının nümayəndələri, aviaşirkətlər, turizm assosiasiyaları, media təmsilçiləri və turizm şirkətləri iştirak ediblər. ERATUR da forumun iştirakçıları sırasında yer alaraq B2B görüşlərdə iştirak edib və yeni əməkdaşlıq imkanlarını dəyərləndirib.
Səfir Alim Bayel çıxışında Qazaxıstan və Azərbaycanın strateji tərəfdaş ölkələr olduğunu vurğulayıb. Qeyd olunub ki, turizm sahəsində əməkdaşlıq ildən-ilə genişlənir və qarşılıqlı turist axını artır. Forum çərçivəsində Qazaxıstanın turizm potensialı, məşhur marşrutları və beynəlxalq tədbirləri barədə təqdimatlar keçirilib.
Tədbir zamanı Air Astana və FlyArystan aviaşirkətləri tərəfindən lotereya təşkil olunub və qaliblərə Qazaxıstana aviabiletlər təqdim edilib. Həmçinin iki ölkənin turizm şirkətləri arasında B2B görüşlər baş tutub və Turizm Bələdçiləri Assosiasiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb.